Qazaxıstan Nəqliyyat Nazirliyinin "Azərbaycan Hava Yolları"nın (AZAL) Aktauda qəzaya uğrayan təyyarəsi ilə bağlı təhqiqata dair ilkin hesabatı bu məsələ ətrafında müzakirələri yenidən gündəmə daşıdı. Qəza Qazaxıstan ərazisində baş verdiyindən təhqiqatı da həmin ölkənin apardığı bildirilir.
Hesabatda qeyd edilir ki, qəzaya uğrayan AZAL təyyarəsi yer səthi ilə toqquşana qədər xarici təsirə məruz qalıb. Eyni zamanda, təyyarənin uçuşdan əvvəl texniki vəziyyəti yaxşı olub.
Hesabatda qəzanın səbəbi kimi əvvəllər dilə gətirilən "quş sürüsü ilə toqquşma" və "oksigen balonun partlaması" kimi versiyalar da təsdiqini tapmır.
Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin ilkin hesabatın açıqlanmasından dərhal sonra bəyan etməsinə görə, artıq təsdiqlənir ki, "hava gəmisi Rusiyanın hava məkanında, o cümlədən Qroznı hava limanı üzərində uçuş əməliyyatları həyata keçirərkən GPS siqnallarının itməsi halı ilə üzləşib".
Nazirliyini hesabata əsasən vurğulamasına görə, Qroznı üzərində CVR-də 24 saniyə aralıqla iki dəfə kənar səsin gəlmə faktı qeydiyyata alınıb. Habelə bildirilir ki, hava gəmisinin füzelyajında çoxsaylı dəlib keçən və kor zədələrin olması faktı aşkar olunub: "Hava gəmisi qalıqlarının kor zədələrində olan... kənar obyektlər aşkarlanaraq götürülüb və həmin kənar obyektlərin fotoşəkilləri ilkin hesabat mətnində ictimaiyyətə təqdim edilib..."
Azərbaycan Prezidenti bundan əvvəl qəza ilə bağlı Rusiya qarşısında ölkəsinin şərtlərdən bəhs etmişdi. Həmin şərtlərdə Rusiyanın üzr istəməsi, kompensasiya ödəməsi və təqsirkarları cəzalandırması kimi istəklər yer alırdı. Sonradan birinci şərtin təmin edildiyi bildirilsə də, digər şərtlərlə bağlı hər hansı addımlar atılmadı.
Bəs ümumilikdə Azərbaycanda bu hesabata münasibət necədir, ölkənin gözləntilərində yeniliklər varmı?
Deputat: "Hesabatda kənar müdaxilənin nə olduğu qeyd edilmir"
Hakim Yeni Azərbaycan Partiyasından (YAP) Milli Məclisin deputatı Hikmət Babaoğlunun da "Turan"a deməsinə görə, rəylər təsdiq edir ki, təyyarədə qəza anına qədər heç bir texniki qüsur olmayıb və təyyarə kənar obyektin müdaxiləsi nəticəsində zədə alıb: "Azərbaycan bu versiyanı ilk günlərdən irəli sürmüşdü, çünki bu barədə kifayət qədər məlumatlı idik. Amma, təəssüf ki, hesabatda kənar müdaxilənin nə olduğu qeyd edilmir".
Deputat hesab edir ki, ilkin nəticələrdə bu qeyd olunmalı idi: "Çünki təyyarəyə dəyən kənar obyektlərin qırıntıları var və bunların nə olduğunu təyin etmək çox asandır. Mənə elə gəlir ki, elə ilkin araşdırmada yazılmalı idi ki, təyyarə hücuma məruz qalıb. Eyni zamanda təyin edib məlumat vermək olardı ki, bu kənar obyekt nədir, hansı silaha məxsusdur və hansı göstəriciləri var. İlkin rəydə bildirilir ki, bu barədə məlumat yekun rəydə veriləcək. Yekun rəy isə bir il müddətində elan oluna bilər".
H.Babaoğlunun sözlərinə görə, ilkin rəydə müsbət məqamlar da var: "Pilotların Bakıya dönüşə qərar verdikləri qeyd olunur. Amma nə üçün sonra Aktauya getdikləri qeyd olunmur. Halbuki, komissiyada bu barədə məlumat var, çünki onlar qara qutulardan məlumatları və pilotların dispetçerlərlə danışıqlarını əldə ediblər. Burada da bir yarımçıqlıq var. Biz, hələlik, deyə bilərik ki, bu, natamam bir rəydir, halbuki, daha dolğun rəy ola bilərdi. Ümid edirik ki, bir il keçmədən, lap yaxın günlərdə yenidən bir daha ətraflı ilkin nəticələrin elan olunmasını görə biləcəyik".
H.Babaoğlu qeyd edib ki, təyyarənin qəzası ilə bağlı Rusiyaya ünvanlanmış şərtlər qüvvədə qalır.
'Rosaviasiya': Hesabat təyyarənin qəzaya uğramasının səbəbini izah etmir
AZAL-ın "Embraer 190" sərnişin təyyarəsinin qəzasının təhqiqatına dair Qazaxıstan Nəqliyyat Nazirliyinin dərc etdiyi hesabat ilkin xarakter daşıyır.
Bu barədə "Rosaviasiya" - Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin rəsmi Telegram kanalında məlumat verilib. Məlumatda qeyd olunub ki, hesabat "insidentin səbəbləri ilə bağlı hər hansı nəticəni ehtiva etmir".
Qurum əlavə edib ki, Təhqiqat Komissiyanın işi davam edəcək və baş verənlərlə bağlı nəticələr yekun hesabatda təqdim olunacaq.
"Rosaviasiya" ilkin hesabata istinadən daha sonra da bəyan edir: "Təyyarə xarici təsir nəticəsində zədələnib. Lakin hesabatda təyyarədə yad obyektlərin identifikasiya olunduğu deyilmir. Rusiya Federasiyasının da indiyədək belə bir imkanı olmayıb, çünki bu elementlər ekspertiza üçün ona verilməyib".
Qurum onu da bildirir ki, "təyyarə ekipajı Rusiya dispetçerlərinin təklif etdiyi və təyyarələri qəbul etməyə texniki cəhətdən hazır olan alternativ hava limanları - Mahaçqala və Mineralnıye Vodını seçməyib". Açıqlamada ekipajın "müstəqil olaraq" Aktaunu eniş aerodorumu kimi seçdiyi vurğulanır.
Yalnız Kremlin sözçüsü Dmitri Peskov ilkin hesabatı ölkəsinin müvafiq qurumlarının öyrənəcəyini söyləyib.
"Rusiya nə kompensasiya ödəyəcək, nə də..."
"Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə AzadlıqRadiosuna bildirib ki, hesabatda yazılanlar əslində məlumun elanıdır: "Təyyarə qəza uğrayandan bir neçə gün sonra üzə çıxdı ki, təyyarədə deşiklər var və hamı başa düşdü ki, təyyarə raketlə vurulub. Hətta raketin adı da çəkildi. Azərbaycan prezidenti İlham Əliyev müsahibə verdi, bildirdi ki, "quş sürüsü" və "oksigen balonunun partlaması" versiyaları bəhanədir".
O vurğulayıb ki, rəydə "raket" sözü olmasa da, kənar müdaxilə ifadəsi var: "Bu isə faktiki olaraq raketlə vurulması deməkdir. Rusiya mətbuatı da hesabatın yayılmasını yazsa da, mətnlə bağlı əsasən heç nə vermədi. Bu ondan xəbər verir ki, əslində Rusiya nə kompensasiya ödəyəcək, nə də cinayətkarları cəzalandıracaq".
Xatırlatma
AZAL təyyarəsi ötən il dekabrın 25-də Bakı-Qroznı aviareysini yerinə yetirərkən qəzaya düşüb, 38 nəfər həlak olub. Azərbaycan rəsmiləri baş verən qəzaya görə Rusiyanın məsuliyyət daşıdığını bildiriblər, amma bunun məqsədli törədilmədiyini açıqlayıblar. Bakı Rusiyadan qəzaya görə məsuliyyətinin etirafını, günahkarların cəzalandırılmasını və kompensasiya tələb edir.
Rusiya prezidenti Vladimir Putinin azərbaycanlı həmkarı ilə telefon danışığında qəzaya görə üzrxahlıq etsə də, baş verənlərə görə ölkəsinin məsuliyyət daşıdığını etiraf etmədiyi açıqlanıb.