Üsyançıların liderindən Suriyanın aralıq prezidentinə çevrilmiş Əhməd əş-Şaraa dekabrda Dəməşqdə hakimiyyəti ələ keçirəndən xeyli xarici təmsilçini qəbul edib. Amma onların içində İrandan gələn olmayıb.
Üstəlik, əş-Şaraa aralıq prezidenti elan olunandan sonra İranın regiondakı rəqibləri Səudiyyə Ərəbistanı və Türkiyəyə səfərlərə öncəlik verib.
AzadlıqRadiosunun jurnalisti Kian Şərifi yazır ki, Suriyanın yeni idarəçilərinin İranı çıxdaş etməsi təəccüblü deyil. Bu ölkədə vətəndaş müharibəsi 2011-ci ildə başlamışdı. Tehran isə milyardlarla dollar xərcləyərək bu ölkəyə hərbi müşavirlər göndərib, Suriyanın keçmiş prezidenti Bəşər əl-Əsədin narazıları və üsyançı qüvvələri əzməsi üçün proksilər yaradıb.
"İranın, onun müttəfiqlərinin və proksilərinin Suriyada on minlərlə adamı qətlə yetirməsindən sonra nə onlara sevgi qalıb, nə də yaxınlaşma istəyi", – Yaxın Şərq və İranın proksiləri üzrə ekspert Fillip Smit deyir.
Tehranın üzünə bağlanan qapı
İranın mühafizəkar mediası belə əş-Şaraanın Səudiyyə səfərini Dəməşqin Tehranın orbitindən çıxmasına dair İrana siqnal sayırlar.
"Bunun Tehrana mesaj olmadığını düşünə bilmirəm, axı Səudiyyə onun regiondakı böyük düşmənlərindən biridir", – Smit söyləyib.
ABŞ-nin terrorçu saydığı "Həyat Təhrir əş-Şam" (HTŞ) qrupunun başçısı olan əş-Şaraa ictimai imicini dəyişməyə çalışıb. O, "əl-Qaidə" ilə əlaqələrdən imtina edib, özünü praqmatik və tolerant lider kimi göstərməyə çalışıb.
Əsəd hökumətini devirəndən sonra Əbu Məhəmməd əl-Colani ləqəbindən də istifadə etmir, Suriyaya sanksiyaların qaldırılmasına, 10 ildir çəkən vətəndaş müharibəsindən sonra ölkəni yenidən qurmağa çalışır.
BƏƏ-də yaşayan siyasi təhlilçi Məsud Aflak deyir ki, əş-Şaraanın Səudiyyəyə səfəri Qərb sanksiyalarının qaldırılmasına doğru "vacib addım" idi. Məqsəd həm də Suriyanın bərpası üçün vəsait əldə etmək, post-Əsəd erasında təhlükəsizliyi bərqərar etməkdir.
"Aralıq prezidenti bilir ki, sanksiyaların qaldırılmasından ötrü Suriyaya onun dünya səhnəsində səsi olaraq ölkə gərəkir", – o, AzadlıqRadiosunun fars xidmətinə deyib.
Səudiyyə Ərəbistanının əş-Şaraanı qəbul etməsi də diqqət çəkir, çünki Ər-Riyad islamçı hərəkatlara real təhdid kimi baxır.
"Səudiyyə Ərəbistanı Suriya ilə münasibəti praqmatizm əsaslı fürsət kimi görür. İndi səudiyyəlilər, eləcə də Avropa ölkələri daxil olmaqla digərləri durumu öyrənirlər. Onlar Dəməşqdə bundan sonra hansı fəslin başlanacağını izləyir, ötən rejimdəkindən fərqli nüfuz əldə etməyə çalışırlar", – Smit belə deyir.
Aflakın fikrincə, səudiyyəliləri əndişələndirən əsas məsələ odur ki, Suriyada güc vakuumu yaranmasın, ekstremist qruplar, İranın dəstəklədiyi proksilər bundan yararlanmasın.
"Suriyada sabitsizlik ora ilə məhdudlaşmaz, başqa ölkələrə də sıçrayar", – Aflak söyləyir.
Smitin sözlərinə görə, əş-Şaraanın səfəri başqa mesaj da verir – bu isə regiondakı sünni aktorlara yönəlib: "O, qapılarını özlərinin regional geosiyasi məsələləri olan rəqib aktorların üzünə açır. Ağla Qətər və Səudiyyə gəlir. Artıq Türkiyə ilə münasibət yaranıb. İranın üzünə qapı bağlıdır".
Rusiyaya belə "hə" işarəsi
Əsədin digər müttəfiqi Rusiya idi, onun hakimiyyətdə qalmasına kömək edirdi, devriləndən sonra da sığınacaq verib.
İrandan fərqli olaraq Rusiya Suriyanın yeni idarəediciləri ilə əlaqə qura bilib. Ötən həftə əş-Şaraa ilə danışmaq üçün təmsilçi də göndərib, bu ölkədəki hərbi bazalarını xilas etməyə çalışır.
"İran Suriyanı fundamental olaraq dəyişməyə çalışırdı və bunu gizlətmirdi. Təbiətcə təriqətçi və ideoloji davranırdı. Rusiya isə dinc sakinlərə qarşı qəddar zorakılıqdan aşkar istifadə etməsinə baxmayaraq, azacıq daha praqmatik idi", – Smit bildirir.
O əlavə edir ki, Rusiya Dəməşqlə əlaqələr qurmağa çalışan Qərb ölkələrinə daha yaxşı əksbalans yaradır.
Son bir ildə regional müttəfiqlər və proksilər şəbəkəsi dağılan İran isə Suriyaya daha az şey təklif edə bilir.
"Heç onların neftinin də böyük dəyəri qalmır, çünki Körfəzlə əlaqələr yenilənir", – Smit söyləyir.
İranın tək seçimi
Əsəd rejimindəki Suriya İranı Levantla birləşdirən quru dəhlizin vacib hissəsi, Tehranın regiondakı dövlət və qeyri-dövlət aktorlarından ibarət şəbəkəsinin logistik sütunu idi. Ona görə də Əsədin itirilməsi "müqavimət oxu" adlanan şəbəkəyə ağır zərbə vurdu.
İran hökuməti əş-Şaraa hökuməti ilə münasibətlər qurmağı istisna etməyib. Xarici işlər naziri Abbas Araqçi deyib ki, İran Suriya xalqının seçdiyi istənilən hökuməti qəbul edir.
Əş-Şaraa isə Tehranla münasibət qurmağa maraqlı görünmür. O, israilli və iranlıların Suriyaya girməsini yasaqlayıb, vətəndaş müharibəsinin vurduğu ziyana görə islam respublikasından kompensasiya istədiyi bildirilir.
Bu, İranın bir seçiminin qaldığını göstərir: yeni aralıq hökumət dövründə məzhəb zorakılığı xəbərlərinə fokuslanmaq, şiə yaraqlıları əş-Şaraaya qarşı qaldırmaq.
"Onlar Suriya daxilində zorakılığa dəstək verə bilər. Sabitliyi pozmaq İranın daim əl atdığı seçim olub", – Smit vurğulayır.
K.Şərifi yazır ki, İranın daxilində və xaricindəki çoxsaylı əngəlləri nəzərə alanda bunu demək gerçəkləşdirməkdən daha asandır.