Keçid linkləri

2025, 06 Fevral, Cümə axşamı, Bakı vaxtı 06:37

Paşinyan: Sülh müqaviləsi ilə bağlı 17 maddədən 15-ü üzrə tam razılığa gəlinib


Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistan baş naziri Nikol Paşinyan ABŞ-yə səfəri çərçivəsində "Atlantic Council" beyin mərkəzində keçirilən tədbirdə Azərbaycan və Ermənistan arasında sülh prosesindən danışıb. Prosesdəki irəliləyişə toxunan Ermənistan baş naziri "Bu irəliləyişin miqyasını təsəvvür etməniz üçün bildirim ki, hazırda Azərbaycanla sülh müqaviləsi müzakirə olunur və 17 maddədən 15-i üzrə tam razılığa gəlinib. Yalnız iki məsələ hələ də açıq qalır və biz prosesi ən qısa zamanda yekunlaşdırmağa ümid edirik. Azərbaycanla ikitərəfli şəkildə işlədiyimiz halda, beynəlxalq ictimaiyyətin diqqəti və dəstəyi uzunmüddətli sülh üçün lazımi şəraitin yaradılmasında həlledici rol oynayacaq", - deyə bildirib.

Baş nazir Paşinyan deyib ki, hələ ki razılaşdırılmayan iki müddəa - üçüncü ölkələrin, xüsusilə Avropa müşahidəçilərinin (Avropanın Ermənistandakı Mülki Missiyası) Ermənistan sərhədindən çıxarılması və tərəflərin bir-birinə qarşı beynəlxalq məhkəmələrdə qaldırdığı iddiaların geri götürülməsidir.

"Azərbaycan sərhəd boyunca üçüncü qüvvələrin yerləşdirilməsini qadağan edən bir maddə təklif edir və burada Avropa İttifaqının mülki missiyasından söhbət gedir. Biz Azərbaycanın bu istəyini nəzərə alaraq öz növbəmizdə bu maddənin ikitərəfli sərhədin demarkasiya edilmiş hissələrinə tətbiq olunmasını təklif etmişik", –Nikol Paşinyan əlavə edib.

Paşinyan ilk dəfə bu təklif barədə 2024-cü ilin noyabrında Yerevanda Ermənistan İctimai Televiziyasına müsahibəsində məlumat verib.

Ermənistan baş naziri əlavə edib ki, bu təkliflə bağlı hələ rəsmi Bakıdan cavab gözləyirlər.

"Ümid edirik ki, bu, çox tezliklə baş verəcək"

"Digər müddəa tərəflərin bir-birinə qarşı beynəlxalq instansiyalarda irəli sürdüyü iddiaların geri götürülməsi ilə bağlıdır. Ümumiyyətlə, bu ideyaya qarşı çıxmırıq, lakin bizim təklifimiz var: şikayətlərin yalnız beynəlxalq instansiyalardan geri çəkilməsi deyil, həm də bu məsələlərin ikitərəfli münasibətlərdə qaldırılmamasıdır. Təklifimiz odur ki, mübahisəli mövzulardakı müzakirələrə son qoyaq və yeni, təmiz bir səhifədən başlayaraq ikitərəfli münasibətlərdə yeni bir dövr açaq", –Paşinyan vurğulayıb.

O, Bakı və Yerevanın iki maddə istisna olmaqla, artıq bütün digər "önəmli və həssas məsələlər" üzrə razılığa gəldiyini əlavə edib. O, Cənubi Qafqazda indi sülhün "əlçatan" olduğuna inandığını deyib.

"Məsələn, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü sovet sərhədləri çərçivəsində tanımaq barədə razılığa gəlib. Həmçinin razılaşmışıq ki, tərəflər bir-birinə qarşı ərazi iddiaları irəli sürməyəcək və gələcəkdə də belə iddialar qaldırmayacaq," –Paşinyan bildirib.

Təxminən bir saatlıq çıxışında Nikol Paşinyan Ermənistan və Türkiyə münasibətlərinə də toxunub. O bildirib ki, Ermənistanın Türkiyə ilə dialoqu heç vaxt indiki qədər aktiv olmayıb.

"Amma bir çox incə məqamlar var və real nəticə əldə etmək üçün əlavə və son səylər tələb olunur. Ümid edirik ki, bu, çox tezliklə baş verəcək", –o əlavə edib, lakin təfərrüat verməyib.

Azərbaycan indiyədək Ermənistan konstitusiyasına dəyişiklik etməyi də sülh sazişi üçün əsas tələblərdən biri kimi səsləndirib, Ermənistanın əsas qanununda Azərbaycana qarşı ərazi iddialarının olduğunu bildirib. Paşinyan konstitusiya islahatı üzrə şura yaratsa da, AzadlıqRadiosunun erməni xidməti bu şuranın ötən il heç bir iclas keçirmədiyini yazırdı.

Paşinyan özü də son çıxışlarında konstitusiyada ərazi iddialarının olmadığını deyir, əksinə, oxşar fikirləri Azərbaycan konstitusiyası ilə bağlı səsləndirirdi. Rəsmi Bakı bu iddiaları təkzib edib.

XS
SM
MD
LG