Keçid linkləri

2025, 06 Fevral, Cümə axşamı, Bakı vaxtı 07:06

Tramp fələstinlilərin Qəzzadan getmələrini və ABŞ-nin ora nəzarətini təklif edir


Benyamin Netanyahu və Donald Tramp Ağ evdə mətbuat konfransında
Benyamin Netanyahu və Donald Tramp Ağ evdə mətbuat konfransında

ABŞ prezidenti Donald Tramp fevralın 4-də İsrailin baş naziri Benyamin Netanyahu ilə birgə keçirdiyi mətbuat konfransında Qəzza zolağı ilə bağlı gözlənilməz təklif irəli sürüb. Prezident Trampın sözlərinə görə, bu təklif fələstinlilərin ərazidən çıxarılmasını və Birləşmiş Ştatların bölgəni nəzarətə götürərək onu iqtisadi baxımdan inkişaf etdirib müxtəlif millətlərin sülh şəraitində yaşaya biləcəyi "mükəmməl" bir məkana çevirməsini nəzərdə tutur.

Trampın dediyinə görə, bu plan fələstinlilərin digər ölkələrə köçürülməsindən sonra həyata keçiriləcək. O, İsrail və HƏMAS (ABŞ, Avropa İttifaqı tərəfindən terror təşkilatı kimi tanınır) arasında bir ildən çox davam edən müharibədən sonra Qəzzada dağılmış binaların yaratdığı vəziyyəti "cəhənnəm çuxuru" adlandırıb.

O, belə radikal bir addımın vacib olduğunu vurğulayaraq fələstinlilər və israillilər arasında onilliklərdir sürən münaqişəni həll etməyə yönəlmiş əvvəlki təşəbbüslərin nəticə vermədiyini bildirib.

D.Trampın Qəzza zolağı ilə bağlı təklifi ABŞ-nin bölgəyə nəzarəti ələ almasını nəzərdə tutur və bu, İsrail-Fələstin münaqişəsinin həlli üçün uzun illər Vaşinqtonun dəstəklədiyi "iki dövlətli" həll siyasətini kökündən dəyişə bilər.

"Əgər lazım gələrsə, biz bunu edəcəyik. Həmin əraziyə nəzarəti ələ alacaq, onu inkişaf etdirəcək, minlərlə yeni iş yeri yaradacağıq və bu, bütün Yaxın Şərqin fəxr edə biləcəyi bir yer olacaq", - Tramp deyib.

Prezident fələstinlilərin hansı ölkələrə köçürüləcəyinə dair təfərrüat verməyib, lakin onları digər ölkələrə "daimi" köçürməyi dəstəkləyəcəyini bildirib.

Mətbuat konfransında qabaq o, İordaniya, Misir və digər ərəb ölkələrini qəzzalıları qəbul etməyə çağırıb. HƏMAS isə qətiyyətlə Qəzzada qalmaq istədiyini bəyan edib.

Netanyahu isə bildirib ki, Tramp Qəzza zolağı üçün fərqli bir gələcək görür, o bu ərazinin İsrail xalqı üçün çoxsaylı "sınaqlar və çətinliklər" mənbəyi olduğunu qeyd edib.

"O, fərqli bir ideya irəli sürür. Bu, tarixi dəyişdirə biləcək bir şeydir və, həqiqətən, bu yolu izləməyə dəyər", - İsrail hökumət başçısı deyib.

"Klassik Tramp: Ən ekstremal yolu seçir"

HƏMAS-ın yüksəkvəzifəli rəsmisi Sami Əbu Zühri daha əvvəl Trampın qəzzalıların bölgəni tərk etməsi ilə bağlı çağırışlarını pisləyib və bunu onların torpaqlarından "sürgün edilməsi" adlandırıb.

Demokratiyaların Müdafiəsi Fondunun rəhbəri Mark Dubovits Trampın bu ideyanı ərəb ölkələrinin fələstinliləri qəbul etməyi rədd etməsindən sonra təzyiqi artırmaq məqsədilə irəli sürə biləcəyini deyib.

"İndi o, təzyiqi artırır: Əgər onları qəbul etmirsinizsə, biz onları özümüz çıxaracaq və Qəzzaya nəzarət edəcəyik. Klassik Tramp: Ən ekstremal yolu seçir, əvvəlcə məqbul olmayanı birdən-birə məqbul bir ortaq nöqtə kimi göstərir", - Dubovits X sosial şəbəkəsində bildirib.

Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi verdiyi bəyanatda müstəqil Fələstin dövləti qurulması çağırışının "qətiyyətli, sabit və dəyişməz" bir mövqe olduğunu bildirib. Vurğulanıb ki, Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salman şərqi Qüdsün Fələstin dövlətinin paytaxtı olmaqla müstəqil Fələstin dövləti qurulması istiqamətində iş aparmağa davam edəcək.

Tramp Qəzza atəşkəsi, girovların azad edilməsi və İsrail ilə Səudiyyə Ərəbistanı arasında normallaşma prosesinin bərpası məsələlərini müzakirə etmək üçün İsrail baş naziri Netanyahunu Ağ evə dəvət edib.

XS
SM
MD
LG