Keçid linkləri

2025, 06 Fevral, Cümə axşamı, Bakı vaxtı 15:07

ABŞ-nin Ukraynadan seçki tələbi: Sülh istəyi, yoxsa Putinə hədiyyə?


Donald Tramp Nyu-Yorkda Ukrayna prezidenti Volodmir Zelenski ilə danışır
Donald Tramp Nyu-Yorkda Ukrayna prezidenti Volodmir Zelenski ilə danışır

ABŞ prezidenti Donald Trampın Ukraynadakı müharibəni tez zamanda bitirəcəyinə dair vədi yeni mərhələyə keçib. Onun Rusiya və Ukrayna üzrə xüsusi elçisi Kit Kelloqun sözlərinə görə, Tramp administrasiyası bu il atəşkəs əldə olunacağı təqdirdə Kiyevin seçkilər keçirməsini istəyir.

Kelloqun açıqlamaları ABŞ-nin sülh danışıqlarına başlamaq cəhdlərinin artdığı və Kremlin Ukrayna prezidenti Zelenskini qeyri-legitim kimi təqdim etməyə çalışdığı bir vaxtda Ukrayna siyasətində mübahisəli, həssas bir məsələni ön plana çıxarıb.

Xüsusi elçi Kelloq fevralın 1-də "Reuters"ə müsahibəsində "Əksər demokratik ölkələr müharibə zamanı seçkilər keçirir. Düşünürəm ki, onların da bunu etməsi vacibdir. Bu, demokratiya üçün yaxşıdır" deyə bildirib.

San-Dieqo Dövlət Universitetinin Rusiya və Ukrayna üzrə ixtisaslaşmış siyasi elmlər üzrə mütəxəssisi Mixail Alekseyev bildirib ki, Tramp administrasiyası seçkilər məsələsini müzakirəyə çıxarmaqla danışıqlar prosesini asanlaşdırmağa ümid edir. O, bu yanaşmanın Kreml tərəfindən təhlükəli yayındırıcı manevr və siyasi taktika kimi istifadə edilə biləcəyi barədə xəbərdarlıq edib.

Putin dəfələrlə Moskvanın danışıqlara açıq olduğunu deyib. Lakin bir çox ekspertlər hesab edirlər ki, Rusiya danışıqlardan özünü konstruktiv tərəf kimi göstərmək və Ukraynadakı mövqeyini daha da gücləndirmək üçün vaxt qazanmaq məqsədilə istifadə edəcək.

"Əgər Putin ABŞ administrasiyasını bir neçə ay da tərəddüddə saxlaya bilsə, o zaman döyüş meydanında daha çox irəliləyiş əldə edə bilər", – Alekseyev bildirib.

Putin dəfələrlə Zelenskinin sülh sazişi imzalamaq səlahiyyətinə malik olmadığını iddia edib və Zelenskinin beşillik müddətinin 2024-cü ilin mayında başa çatdığını əsas gətirərək onu "qeyri-legitim" adlandırıb.

Lakin Ukraynanın konstitusiyası müharibə vəziyyətində seçkilərin keçirilməsini qadağan edir. 2022-ci ilin fevralında Rusiyanın tammiqyaslı işğalçı müharibəyə başlamasından sonra prezident Zelenski ölkədə hərbi vəziyyət elan edib və bunun müddəti dəfələrlə uzadılıb.

Bununla belə, ukraynalılar 2023-cü ildən bəri prezident seçkilərinin keçirilməsinin faydalarını müzakirə edirlər. Bu müzakirə Qərbin təzyiqləri və Rusiyanın təbliğatı ilə rəngarəng olub.

ABŞ senatoru və Trampın müttəfiqi Lindsi Qrem 2023-cü ilin mayında Kiyevə səfər edərək Zelenskini seçkiləri plan üzrə keçirməyə çağırıb. Bu, Ukrayna üçün əlavə yardımlara qarşı Konqresdə respublikaçıların etirazının artdığı bir vaxtda baş verib.

Həmin dövrdə Ukraynanın müxalifət liderləri və vətəndaş cəmiyyəti qrupları müharibə zamanı seçkilərin keçirilməsinə qarşı çıxıb. Onlar bunun Ukraynanın tarixində kritik bir anda cəmiyyəti parçalayacağı barədə xəbərdarlıq ediblər. Rusiyanın mülki obyektləri davamlı şəkildə atəşə tutduğu nəzərə alınaraq, bunun insanların həyatını təhlükəyə atacağını da qeyd ediblər.

Voodimir Zelenski
Voodimir Zelenski

"Necə ola bilər ki, hərbçilər təmas xəttindən səs versin?"

Ukrayna müharibə zamanı və ya atəşkəsdən sonra seçkilər keçirməyə çalışarsa, bir çox çətinliklərlə üzləşəcək. Rusiyanın işğalçı müharibəsi səbəbiylə 6 milyondan çox insan ölkəni tərk etməyə məcbur olub, 4 milyon insan daxildə məcburi köçkün olub, təxminən 1 milyon nəfər isə silahlı qüvvələrdə xidmət edir ki, bu da onların səsvermə imkanlarını çətinləşdirir. Bütün bunlar ölkə əhalisinin təxminən dörddə birini təşkil edir. Zelenski bu məsələlərə fevralın 4-də britaniyalı jurnalist Pirs Morqana verdiyi müsahibədə diqqət çəkib: "Ciddi çətinliklər var, amma eyni zamanda əsas insani məsələlər də mövcuddur... Necə ola bilər ki, hərbçilər təmas xəttindən səs versin? İşğal altındakı ərazilərdə yaşayan insanlar necə səs verəcəklər? Milyonlarla insan? Necə? Elə düşünürsünüz ki, biz onların nə düşündüyü və kimi seçmək istədikləri ilə maraqlanmırıq?".

Zelenski müsahibəsində bildirib ki, seçkilər 2025-ci ildə keçirilə bilər, amma bu, yalnız danışıqlar nəticəsində müharibənin qaynar mərhələsi sona çatarsa və hərbi vəziyyət ləğv olunarsa, mümkündür: "Əlbəttə, müharibə bitəcək – aktiv mərhələ sona çatacaq. Hərbi vəziyyət ləğv olunarsa, seçkilər mütləq keçiriləcək. Bu vacibdir – biz demokratiyanı qoruyuruq və bu, onun əsas hissəsidir. Amma bunu başa düşün: Hamı bilir ki, əgər biz indi hərbi vəziyyəti ləğv etsək, bu, Putinin istədiyi şeydir. Bu, ordumuzun əksəriyyətinin evə qayıdacağı anlamına gələcək və bu, haqlı olaraq belədir. Əgər hərbi vəziyyət yoxdursa, onlar ailələrinin yanına qayıdacaqlar... Bəs bizi kim müdafiə edəcək?".

Kelloqun açıqlamalarına münasibət bildirən Zelenskinin köməkçisi isə "Reuters"ə bildirib ki, bu, "uğursuz bir plandır".

Keçən həftə Parisə səfəri zamanı 2019-cu il seçkilərində Zelenskiyə uduzan və gələcəkdə potensial rəqib ola biləcək keçmiş Ukrayna prezidenti Petro Poroşenko da müharibə şəraitində seçkilərin keçirilməsi fikrini rədd edib, belə bir seçkinin tək qalibinin Putin olacağını bildirib.

Poroşenko Putinin seçki kampaniyası zamanı Ukraynanı zəiflətmək üçün təbliğat və "beşinci kolon"dan istifadə edəcəyini vurğulayıb.

"Gürcüstandakı əksinqilab prosesinin ikinci təkrarı olacaq"

Vaşinqtondakı Vilson Mərkəzində mütəxəssis, İndiana ştatındakı Boll Dövlət Universitetinin professoru olan Sergey Juk da Poroşenko ilə eyni fikirdədir. AzadlıqRadiosu ilə müsahibəsində Juk bildirib ki, Kreml seçkilər zamanı güclü təbliğat maşınından və Ukraynada olan Rusiya tərəfdarlarından Ukraynada sabitliyini pozmaq üçün istifadə edə bilər.

"Mən qorxuram ki, təsirli dezinformasiyasından istifadə edərək onlar anti-Zelenski kampaniyası təşkil edəcəklər və qalib gələcəklər. Bu, Gürcüstandakı əksinqilab prosesinin ikinci təkrarı olacaq", – o, Tbilisidə avtoritar və Rusiya tərəfdarı hökumətin yüksəlişinə işarə edib.

Juk və Alekseyev müharibənin ilk iki ilində Ukraynanın müdafiəsini idarə edən general Valeri Zalujnını Zelenskinin ən etibarlı rəqibi kimi görürlər. Ukrayna prezidenti 2024-cü ilin fevralında strategiya ilə bağlı mübahisə səbəbiylə populyar generalı işdən azad edib. Yerli mətbuatın məlumatına görə, Zelenski həm də onun mümkün siyasi ambisiyalarından narahat olub.

Alekseyev Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Zalujnının prezidentliyə yüksəlməsinin Putin üçün qələbə olmayacağını deyib: "Bu, Ukraynanın müqavimət istəyini azaltmayacaq".

XS
SM
MD
LG