Legitimliyi beşinci prezident Salome Zurabişvili, müxalifət və Gürcüstan ictimaiyyətinin əhəmiyyətli bir hissəsi tərəfindən tanınmayan Gürcüstan parlamenti 49 deputatın səlahiyyətlərinə xitam verib. Belə ki "Birlik – Milli Hərəkat", "Dəyişiklik uğrunda Koalisiya" və "Güclü Gürcüstan" partiyalarının üzvlərinin mandatlarına son verilib. Müvafiq qərarın qəbul edilməsinə deputatların ötən ilin noyabrında mandatlarının ləğvi ilə bağlı parlamentə müraciət etməsi səbəb olub.
İndiki mərhələdə sabiq baş nazir Giorgi Qaxariyanın "Gürcüstan Naminə" partiyası 12 mandatla parlamentdə qalır. Qaxariyanın partiyası, 2024-cü il oktyabrın 26-da keçirilən seçkilərdə seçki baryerini aşan digər partiyalar kimi, səsvermənin nəticələrini "qeyri-legitim" adlandırır və parlament fəaliyyətində iştirak etmir. Lakin partiyanın təmsilçiləri deputat mandatlarına son verilməsi üçün ərizə ilə müraciət etməyiblər.
Gürcüstan Mərkəzi Seçki Komissiyasının yekun protokoluna əsasən, 2024-cü il parlament seçkilərinin nəticələrinə görə, "Güclü Gürcüstan" 14, "Dəyişiklik uğrunda Koalisiya" 19, "Birlik – Milli Hərəkat" isə 16 mandat alıb.
Bu partiyaların təmsilçiləri 2024-cü ilin noyabr və dekabr aylarında parlament üzvü kimi səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini tələb edən bəyanatlar yazmışdılar.
2024-cü ilin noyabrından bəri Gürcüstanda yeni parlament seçkiləri tələbi ilə etirazlar keçirilir.