Jurnalist Şahnaz Bəylərqızı saxlanıb. CPJ Şəmşad Ağanın həbsini pisləyir

Şahnaz Bəylərqızı

Nyu Yorkda mənzillənən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) Arqument.az saytının baş redaktoru Şəmşad Ağanın həbsini pisləyir, Azərbaycan hakimiyyətini onu və həbsdə olan digər jurnalistləri azad etməyə çağırır.

“Şəmşad Ağanın həbsi Azərbaycan hakimiyyətinin ölkədəki kiçik və sıxışdırılmış media icmasını susdurmağa, daha da məhdudlaşdırmağa yönəlik amansız niyyətini ortaya qoyur. Hökumət mediaya bu görünməmiş təzyiqi dərhal dayandırmalı, Ağanı və digər haqsız həbs olunmuş jurnalistləri azad etməlidir”, – CPJ-nin Avropa və Orta Asiya proqramının koordinatoru Gulnoza Said deyib.

Qurum Azərbaycanda son 15 ayda 21 jurnalistin saxlandığını bildirir. Azərbaycan 2024-cü ildə dünyada ən çox jurnalistin həbsdə olduğu 10 ölkə sırasında yer alıb.

+++

Bu gün, fevralın 5-də jurnalist Şahnaz Bəylərqızı saxlanıb. Yaxınlarının bildirməsinə görə, onun Bakı şəhərindəki mənzilində də axtarış aparılıb.

+++

Yaxınlarının məlumatına görə, fevralın 5-də polisdə olarkən jurnalist Ş.Bəylərqızının qan təzyiqi qalxıb, təcili tibbi yardım çağrılıb

+++

Jurnalist Şahnaz Bəylərqızının "ToplumTV işi" ilə bağlı saxlandığı bildirilir. Onun istintaq zərurəti ilə əlaqədar saxlandığı deyilir.

Bu məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən yerli saytlara təsdiqləyiblər.

"ToplumTV işi" ilə bağlı həbslər ötən ilin martından başlayıb. Həmin vaxt bu işlə əlaqədar həbs edilənlər III Respublika Platformasının spikeri Akif Qurbanov, qurumun üzvü Ruslan İzzətli, Demokratik Təşəbbüslər İnstitutunun üzvləri Ramil Babayev, İlkin Əmrahov, Əli Zeynal, habelə ToplumTV-nin təsisçisi Ələsgər Məmmədli və redaktoru Müşfiq Cabbar idi.

Bu ilin yanvarında əlavə olaraq həmin işlə əlaqəli Fərid İsmayılov da həbs edilib.

"ToplumTV işi" üzrə həbs olunanlar əvvəlcə 206.3.2-ci (qaçaqmalçılıq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddələri ilə təqsirləndirilirdi. Daha sonra onlara qarşı Cinayət Məcəlləsinin 162-1.1 (Əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işçilərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi), 192.3.2 (xüsusilə küllü miqdarda gəlir əldə etməklə qanunsuz sahibkarlıq), 193-1.3.1 (Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 193-1.3.2 (...xeyli miqdarda törədildikdə), 206.4 (mütəşəkkil dəstə tərəfindən qaçaqmalçılıq) və 213.2.1 (Vergiləri,... ödəməkdən yayınma - mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə yeni ittihamlar irəli sürülüb.

Əvvəlki ittihamlarla şəxsə 8 ilədək həbs verilə bilərdisə, indi cəza müddəti 12 ilə çata bilər.

Müdafiə tərəfi vurğulayıb ki, sözügedən ittihamlarla razılaşmırlar və bu ittihamlar üçün prosessual əsas yoxdur.

Şəmşad Ağa

Jurnalist Şəmşad Ağa saxlanıb

Fevralın 4-dən 5-nə keçən gecə arqument.az saytın baş redaktoru, jurnalist Şəmşad Ağa (Ağayev) saxlanıb.

Jurnalistin yaxınları deyir ki, gecə saat 2-də onun Bakı şəhərində yaşadığı evdə axtarış aparılıb: "Şəmşadın köhnə telefonunu, kompüteri, modemi, jurnalist vəsiqələrini götürüblər".

Vəkil Şəhla Hümbətova bildirib ki, Ş.Ağa "MeydanTV işi" üzrə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə şübhəli şəxs qismində saxlanılıb.

Hələlik, onun saxlanması xəbərinə rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

"MeydanTV işi" üzrə ötən il dekabrın 6-da altı jurnalist - Aynur Elgünəş, Xəyalə Ağayeva, Aytac Tapdıq, Aysel Umudova, Natiq Cavadlı və Ramin Cəbrayılzadə (Deko) saxlanılıb. Onların hər biri barəsində Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq — qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və 4 aylıq həbs-qətimkan tədbiri seçilib.

Ümumilikdə 2023-cü ilin noyabrından başlayaraq Azərbaycanda qruplar halında 30 civarında jurnalist, ictimai fəal qaçaqmalçılıq ittihamı ilə həbs edilib. Amma onların hamısı ittihamla razılaşmır, bunu peşə fəaliyyətləri və siyasi sifariş ilə izah edirlər. Sonradan onlardan bir çoxunun ittihamı ağırlaşdırılıb.

Yerli hüquq-müdafiə təşkilatlarının hazırladıqları siyahılara görə, hazırda Azərbaycan həbsxanalarında 300-dən çox siyasi məhbus var. Rəsmilər isə, bir qayda olaraq, vurğulayırlar ki, ölkədə heç kim sırf peşə fəaliyyəti ilə bağlı, siyasi əsaslar ilə həbs edilmir. Onların deməsinə görə, həmin siyahılarda yer alanlar sırf törətdikləri əmələ görə məsuliyyətə cəlb ediliblər.

Amma beynəlxalq insan haqları qurumları da hökuməti haqsız tutulanları azad etməyə çağırır.