ABŞ BMT-nin İnsan Hüquqları Şurasından çıxır

Donald Tramp

ABŞ prezidenti Donald Tramp ölkəsinin Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Şurasından çəkildiyini və BMT-nin fələstinli qaçqınlara yardım agentliyinə maliyyə dəstəyi ayırmayacağını bəyan edib.

Prezident Tramp fevralın 4-də İsrailin baş naziri Benyamin Netanyahu ilə Ağ evdə görüşdən əvvəl bununla bağlı müvafiq əmrlər imzalayıb.

İsrail BMT İnsan Hüquqları Şurası (UNHRC) və BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili üzrə Yaxın Şərq Agentliyini (UNRWA) İsrailə qarşı mənfi mövqedə və antisemitizmlə ittiham edir.

Əmrdə bildirilir ki, ABŞ İkinci Dünya müharibəsindən sonra gələcək qlobal münaqişələrin qarşısını almaq, beynəlxalq sülh və təhlükəsizliyin təşviqi məqsədilə BMT-nin yaradılmasına kömək edib. Lakin bəzi BMT agentlikləri "bu missiyadan uzaqlaşaraq, əksinə, Birləşmiş Ştatların maraqlarına zidd hərəkət edir, müttəfiqlərimizi hədəf alır və antisemitizmi təbliğ edir".

Trampın imzaladığı sənəddə o da deyilir ki, ABŞ BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatındakı (UNESCO) üzvlüyünü də yenidən nəzərdən keçirəcək. Qeyd olunub ki, buna səbəb təşkilat daxilində islahatların aparılmaması, UNESCO-nun davamlı olaraq İsrailə qarşı mənfi mövqedə olması və artan borclarla bağlı narahatlıqlara düzgün yanaşmamasıdır.

Tramp bildirib ki, BMT-nin "böyük" potensialına əsaslanaraq ABŞ onunla birgə irəliləməyə davam edəcək, amma əlavə edib ki, BMT-nin əsas məqsədi münaqişələri çözmək olmalıdır.

BMT-nin fələstinlilərə yardım agentliyi (UNRWA) hazırda Qəzzadakı müharibədən qaçqın düşən 1.9 milyon insanı humanitar yardımla təmin edir. Bu yardımlar o insanlar üçün həyati əhəmiyyət daşıyır.

İsrail BMT-nin sözügedən agentliyinin 12 işçisini 2023-cü il oktyabrın 7-də HƏMAS hücumunda iştirakda ittiham etmişdi. Bundan sonra - 2024-cü ilin yanvarında prezident Bayden agentliyə maliyyə yardımlarını dayandırmışdı.

Tramp birinci prezidentlik dövründə də Birləşmiş Ştatları BMT-nin İnsan Hüquqları Şurasından geri çəkmişdi. Həmin dövrdə ölkənin BMT-dəki səfiri Nikki Heyli qurumu İsraillə qarşı davamlı qərəzdə ittiham etmiş və Şuranın üzvləri arasında insan hüquqları pozucularının olduğunu bildirmişdi.

Prezident Co Baydenin dövründə ölkənin BMT İnsan Hüquqları Şurasına iştirakı bərpa olunsa da, ötən ilin sentyabrında ABŞ-nin ikinci ardıcıl müddətə seçilmək üçün müraciət etməyəcəyi açıqlanmışdı.