ABŞ prezidenti Donald Tramp fevralın 5-də transgenderlərin qadın idman kateqoriyalarında yarışmasını qadağan edən fərman imzalayıb.
Sənədin imzalanma mərasimində onlarla gənc idmançının əhatəsində olan prezident Tramp deyib: "Qadın idmanına qarşı müharibə bitdi. Mənim administrasiyam kişilərin qadın idmançıları məğlub etməsinə və döyməsinə kənardan baxıb dözməyəcək".
Sənəd fərmanın bütün ölkə ərazisində dərhal icrasını tələb edir. Transfemin şəxslərin qadın idmanlarında yarışmasına icazə verən hər hansı məktəb federal maliyyədən məhrum ediləcək.
"Voice of America" xəbər verir ki, təşəbbüs tərəfdarları fərmanı "ədalətin bərpası" adlandırır, əleyhdarlar isə idmançıların kiçik kateqoriyasının hüquqlarının pozulduğunu iddia edirlər.
Milli Tələbə İdmanı Assosiasiyasının (NCAA) prezidenti dekabrda Senatda keçirilən dinləmələrdə 1100 təhsil müəssisəsində yarışan 520 min idmançı arasında 10-dan da az transgender atletin olduğunu bildirib.
Eyni zamanda, sorğular göstərir ki, amerikalıların əksəriyyəti transların cinsi kimliyinə uyğun gələn idman yarışlarında iştirakına qarşıdır.