BMT: Rusiya ukraynalı əsgərləri yerindəcə edam edir

Rusiya əsirliyindən azad edilən ukraynalı hərbçi

BMT-nin Ukraynadakı İnsan Hüquqları Müşahidə Missiyası Rusiya silahlı qüvvələri tərəfindən əsir alınan ukraynalı əsgərlərin edamlarının kəskin artmasıyla ilə bağlı narahatlıq ifadə edib.

BMT-nin sözügedən qurumunun saytında dərc olunmuş bəyanata görə, 2024-cü ilin avqustun sonlarından etibarən missiya 24 fərqli hadisədə 79 belə edam qeydə alıb.

Missiya həmçinin 2024-cü ildə Ukrayna silahlı qüvvələri tərəfindən yaralı və hərəkətsiz bir Rusiya əsgərinin edamını da sənədləşdirib.

"Çox sayda ukraynalı əsgər təslim olduqdan və ya Rusiya silahlı qüvvələrinin fiziki nəzarətinə keçdikdən sonra yerindəcə öldürülüb. Şahidlərin ifadələrinə əsasən, silahsız və yaralı ukraynalı əsgərlərin də öldürülməsi halları qeydə alınıb", - bəyanatda qeyd olunub.

Missiyanın nəticəsi Ukrayna və Rusiya mənbələri tərəfindən yayımlanmış öldürülmə anı və ya meyitlər əks olunan bir neçə video və fotoşəkilin qiymətləndirilməsi, şahidlərlə aparılan müsahibələrə əsaslanır.

Missiyanın rəhbəri Daniel Bell deyib ki, edamların kəskin artımına səbəb bu cinayətləri törədən Rusiya əsgərlərinin cəzalandırılmaması ilə bağlıdır. "Bu hadisələr təsadüfi olaraq baş verməyib. Rusiya Federasiyasının ictimai xadimləri belə əsir alınmış ukraynalı hərbçilərə qarşı insafsız davranış və hətta edam çağırışlar ediblər", - Bell bildirib.

BMT missiyası müqayisə üçün əvvəlki rəqəmləri təqdim etməyib. Lakin Ukraynanın insan hüquqları üzrə ombudsmanı Dmitro Lubinets bir müddət əvvəl AzadlıqRadiosuna bildirib ki, Rusiya hərbi qüvvələri 2022-ci ilin fevralında başlayan tammiqyaslı işğaldan 2024-cü il dekabrın ortalarına qədər 177 ukraynalı müharibə əsirini edam edib və bu edamların 109-u 2024-cü ildə baş verib.